Homepage Ruzgar Photos

 

 Sumqayıt neft-kimya kompleksinin ekoloji problemləri

Sumqayıt – Azərbaycanda qara və əlvan metallurgiyanın, energetikanın, kimya və xüsusilə, neft-kimya sənayesinin bir sıra böyük müəssisələrinin yerləşdiyi sənaye mərkəzidir. Çox qısa bir müddətdə (1950-1965) böyük iqtisadi uğurların əldə edilməsinə baxmayaraq, şəhər sənayesinin ekstensiv inkişaf yolu artıq 70-ci illərin ortalarında ətraf mühitin və sənaye qovşağının intensiv çirklənməsinə gətirib çıxardı.

Bu özünü aşağıdakılarda göstərirdi:

1)  Şəhərin sənaye kompleksi sənaye istehsalının ərazi konsentrasiyasının yüksək dərəcəsi ilə xarakterizə olunur ki, bu da Abşeron iqtisadi rayonu üzrə (Bakı daxil olmaqla) uyğun göstəricidən 6 dəfə artıqdır. Sumqayıt üzrə bu göstərici keçmış SSRİ-nin digər çoxsaylı sənaye mərkəzləri ilə müqayisədə çoxdur.

2)   İstehsalatda öz elmi-texniki səviyyəsinə görə köhnə texnologiyanın saxlanilması və istismarı. Bunun nəticəsi isə xeyli  miqdarda utilizə olunmamış kənar məhsullar və tullantılar idi.

3)  Fiziki olaraq tükənmiş, qeyri-stabil işi, tez-tez qəza vəziyyətləri, təşkil olunmamış və birdəfəlik tullantıların artması ilə fərqlənən xeyli miqdarda qurğu və əsas fondların istismarı.

Fəaliyyət göstərən istehsalatın yerləşməsi və modernizasiyası üzrə ardıcıl işlərin olmaması ona gətirib çıxardı ki, sənaye kompleksi qurğularının yarısından çoxu 20 il, 7 %-i isə 30 ildir ki istismar edilir və s.

Sumqayıt sənaye obyektlərindən ölkənin sututumlarına axıdılan tullantı suların miqdarı 1990-dan 1998-ci ilə qədər 45-dən 14 mln kub m. -ə qədər azalmışdır. Bu zaman yaranan axıntıların ümumi miqdarı 136-421 mln kub m. təşkil etmişdir.

Stasionar mənbələrdən atmosferə zərərli maddələrin atılması il ərzində 96.5-dən 15.8 min tona qədər azalmışdır. Şəhər atmosferində zərərli qazların konsentrasiyası yol verilən normanı tozlar üçün 1.5 dəfə, azot oksidləri üçün 2 dəfəyə qədər ötür. Sumqayıt sənayesində hər il 16.5-32.3 min ton toksik tullantılar əmələ gəlir. Bunların  ən təhlükəlisi isə dioksindir. Toksikliyinə görə strixnini, sianidi, zarini üstələyən dioksin orqanik mühitdə uzun müddət (torpaqda 20 ilə, insan orqanizmində 20 ilə qədər) qalmaq və toplanmaq xüsusiyyətlərinə malikdir. Sumqayit regionunda dioksinin torpaqda konsentrasiyası 0.15 mkq/kq təşkil edir ki, bu da təhlükəsiz təsir səviyyəsindən 1000 dəfə çoxdur.

Neft-kimya kompleksinin istehsalının azalması nəticəsində ətraf mühitə sənaye tullantıları 1991-ci ildən 1998-ci ilə kimi bir qədər azalmışdır. Buna baxmayaraq, ətraf mühitdə bu maddələrin konsentrasiyası kifayət qədər çoxdur və əhalinin sağlamlığına neqativ təsir edərək ağır xəstəliklər yaradır, qadın orqanizminin reproduktiv funksiyalarına təsir edir. Kimya istehsalatında işləyən qadınlar arasında vaxtından əvvəl doğuş (5-6 %), ölü uşaqların doğulması (14-15 %) müşahidə edilmişdir. 97-ci ilin məlumatlarına görə əhalinin hər 100000 nəfərinə 111 onkoloji xəstə düşür.

 

  Homepage Ruzgar Photos