Homepage Ruzgar Photos
 

”Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan respublikasının qanunu

1998-ci il 17 aprel (N485-1Q) tarixli Prezident fərmanı ilə imzalanmış bu qanun VII fəsil, 30 maddədən ibarətdir. Qanunda təsbit edilən əsas bölmələr aşağıdakılardır:

I bölmə - Ümumi müddəalar. Əsas anlayışlar.

II bölmə - Hidrometeorologiya fəaliyyəti sahəsində idarəetmə.

III bölmə - Hidrometeorologiya fəaliyyətinin dövlət tənzimlənməsi.

IV bölmə - Hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə məlumatların mühafizəsi.

V bölmə - Hidrometeorologiya fəaliyyətinin iqtisadi  tənzimlənməsi.

VI bölmə - Hidrometeorologiya fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq.

VII bölmə - Hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyinin pozulmasına görə mə’suliyyət və mübahisələrin həlli.

            Qanun Azərbaycan respublikasında hidrometeorologiya və təbii mühitin monitorinqi üzrə müsahibələrin, tədqiqatların və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir, eyni zamanda hidrometeorologiya fəaliyyəti ilə əlaqədar meydana çıxan su, torpaq, əmlak, təbiəti mühafizə məsələlərini və digər münasibətləri tənzimləyir.

            Qanuna görə hidrometeorologiya fəaliyyəti sahəsində hüquq münasibətlərinin obyektlərinə - Azərbaycan respublikasının üzərindəki hava məkanı, ölkəmizin ərazisində yerləşən torpaq və bitki örtüyü, daxili sular və Xəzər dənizinin (gölünün) akvatoriyası daxildir.

            Hidrometeorologiya sahəsində dövlətin vəzifələri əsasən – təbii fəlakət, texnogen qəzalar və antropogen təsir nəticəsində yaranan fövqə’ladə hallarda təbii mühitin çirklənməsi üzrə müşahidələr və tədqiqatların aparılmasını, mə’lumatlar hazırlanmasını və müvafiq orqanlara verilməsini, eyni zamanda, atmosferin, su obyektlərinin, torpaqların fiziki və kimyəvi tərkibi, çirklənmə dərəcəsi üzrə müşahidələr və tədqiqatlar aparılmasını təşkil etməkdən ibarətdir (6-ci maddə).

            Hidrometeorologiya sahəsində dövlət tənzimlənməsi əsasən - hidrometeorologiya və təbii mühitin monitorinqi sahəsində dövlət siyasətini həyata keçirməkdən ibarətdir (8-ci maddə)

            Qanunun 9-cu maddəsinə görə hidrometeorologiya fəaliyyətinin əsas prinsiplərindən biri - hidrometeorologiya fəaliyyətinin həyata keçirilməsində və məlumatların istifadəsində dövlətin mənafeyinin qorunmasının təmin edilməsidir.

            Qanunun 12-ci maddəsində qeyd edilmişdir ki, hidrometeorologiya fəaliyyəti üzrə normativ texniki sənədlər – meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq, təbii mühitin monitorinqi üzrə  müşahidələr və tədqiqatların aparılması, bu sahədəki məlumatların toplanması, təhlili və istifadəsində normativ texniki tələbləri, norma və qaydaları müəyyən edir. Hidrometeorologiya fəaliyyəti üzrə normativ texniki sənədlərin tələblərinə əməl edilməsi bütün hidrometeorologiya  və təbii mühitin monitorinqi üzrə məlumatların istehsalcıları və istehlakçıları üçün məcburidir.

           Bundan başqa, Qanunda hidrometeorologiya fəaliyyətinin forma və növləri, hidrometeorologiya fəaliyyətinin həyata keçirilməsi qaydaları, hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin aparılması, hidrometeorologiya fəaliyyətinə dövlət nəzarəti, hidrometeorologiya fəaliyyəti haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və s. məsələlər öz əksini tapmışdır. 

 

  Homepage Ruzgar Photos