Homepage Ruzgar Photos
 

”Yerin təki haqqında” Azərbaycan respublikasının qanunu

1998-ci il 13 fevral tarixdə (N 439-Q) Prezident tərəfindən imzalanan bu qanun VII fəsil, 48 maddədən ibarətdir.

         Bu qanun Azərbaycan respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan respublikasına mənsub bölməsində yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir.

         Qanunun 1-ci fəslində - Yer təkindən istifadənin prinsipləri, Yer təki üzərində mülkiyyət hüququ, Yer təkinin vahid dövlət fondu, Yer təkindən istifadə münasibətlərinin tənzimlənməsində dövlət hakimiyyəti orqanlarının vəzifələri əsas yer tutur. “Yer təkindən istifadənin prinsipləri” adlanan 2-ci maddədə - ətraf mühitin mühafizəsinin tə’min edilməsi - əsas şərtlərdən biridir.

         Qanunun 11-ci maddəsində göstərilir ki, yerin təkinin ayrı-ayrı sahələrindən istifadə ölkə təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək məqsədilə məhdudlaşdırıla, yaxud qadağan edilə bilər. Bu baxımdan əgər yaşayış məntəqələrinin, şəhərətrafı zonaların, sənaye, nəqliyyat və rabitə obyektlərinin ərazilərində yerin təkindən istifadə insanların həyat və sağlamlığına təhlükə törədərsə, təsərrüfat obyektlərinə və ya ətraf mühitə zərər vurarsa, o, qismən və ya tamamilə qadağan edilə bilər.

         Qanunda göstərilir ki, yerin təki istifadə üçün müəyyən müddətə və ya daimi verilir. Yerin təkinin müəyyən müddətə verilməsi qanunda aşağıdakı kimi müəyyənləşdirilmişdir.

1) geoloji öyrənilmə üçün – 5 ilədək müddətə;

2) faydalı qazıntıların çıxarılması üçün - 25 ilədək müddətə;

3) göstərilən istifadə növləri birləşdirildikdə - 30 ilədək müddətə.

            Qanunun əsas bölmələri aşağıdakı hüquqi məsələləri əhatə edir:

I bölmə - Ümumi müddəalar,

II bölmə - Yerin təkindən istifadənin əsasları,

III bölmə - Yer təkinin səmərəli istifadəsi və mühafizəsi,

IV bölmə - Yer təkinin geoloji tədqiqi,

V bölmə - Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi,

VI bölmə - Yerin təkindən istifadənin iqtisadi mexanizmi,

VII bölmə - Qanunun pozulmasına görə məsuliyyət.

            Qanunun 46-ci maddəsində göstərilir ki, bu qanunun pozulmasına görə hüquqi və fiziki şəxslər aşağıdakı hallarda məsuliyyət daşıyırlar:

1) yerin təkindən istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydaları pozularsa;

2) yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (norma və qaydaların) tələbləri pozularsa;

3) yer təkinin çirklənməsinə və faydalı qazıntı yatağının istismar üçün yararsız hala düşməsinə yol verilərsə;

4)  faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işləri aparılarsa;

5)  yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin toxunulmazlığı təmin edilməzsə;

6)   ləğv edilən və konservasiya olunan dağ-qazmaların və buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini tə’min edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində faydalı qazıntı yataqlarının, dağ-qazmaların və buruq quyularının qorunması tələblərinə əməl edilməzsə;

7)   yerin təkindən istifadə edilərkən yararsız hala salınmış torpaq sahələri və digər təbiət obyektləri onların gələcək istifadəsi üçün yararlı vəziyyətə gətirilməzsə və s..

Bundan başqa, yerin təkindən istifadə sahəsində bu Qanuna zidd olan hər hansı bir fəaliyyət qadağandır.

 

  Homepage Ruzgar Photos