Homepage Ruzgar Photos

 

Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan respublikasının qanunu

          Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi haqqında qəbul edilmiş ən mühüm qanunlardan biri ”Ətraf mühitin mühafizəsi haqqında” qanundur. Bu qanun 8 iyun 1999-cu il tarixdə Azərbaycan respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Qanun 14 fəsil və 82 maddədən ibarətdir. 

          Qanunun əsas məqsədi - ətraf mühitin ekoloji tarazlığının mühafizəsi sahəsində ekoloji təklükəsizliyin təmin edilməsindən, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alinmasından, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir.  

         Qanunun əsas vəzifəsi - ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir. 

        Qanunun 1-ci fəslində ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar olan anlayış və terminlərin izahı verilmiş və ətraf mühitin mühafizəsinin əsas prinsipləri şərh edilir. 

        Qanunun II fəsli ətraf mühitin  mühafizəsi sahəsində dövlətin, vətəndaşların, ictimai birliklərin hüquq vəzifələri və yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini əhatə edir. 

        Qanunun III fəslində - Təbiətdən istifadənin hüquqi məsələləri, IV fəsildə - Ətraf mühitin, təbii ehtiyatların dövlət kadastrı və monitorinqi, standartlaşdırma və sertifikatlaşdırma, V fəsildə - Ətraf mühitin  mühafizəsi sahəsində iqtisadi tənzimləmə, VI fəsildə - Ətraf mühitin ekoloji tarazlığının nizamlanması məsələləri, VII fəsildə -  Təsərrüfat və digər fəaliyyət sahələrinə ekoloji tələblər, VIII fəsildə -  Ekoloji ekspertiza məsələləri, IX fəsildə - Ekologiya və ətraf mühitin  mühafizəsi sahəsində təhsil, tərbiyə, elmi tədqiqatlar, statistika və informasiya, X fəsildə - Fövqəladə ekoloji şərait və ekoloji fəlakət zonaları, XI fəsildə - Ətraf mühitin  mühafizəsinə nəzarət, XII fəsildə - Ekoloji audit və onun həyata keçirilməsi, XIII fəsildə - Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət, bu sahədə baş verən mübahisələrin həlli, XIV fəsildə - Ətraf mühitin  mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq – təsbit olunmuşdur. 

        Ekoloji ekspertiza ilə əlaqədar Qanunun 52-ci maddəsində göstərilir ki, ekoloji ekspertizanın əsas vəzifələri – layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə, sanitar-gigiyena normalarına və qaydalarına uyğunluğunu qiymətləndirmək, eyni zamanda ətraf mühitin mühafizəsi tədbirlərinin nəzərdə tutulan keyfiyyətinin nə dərəcədə əsaslı olduğunu müəyyən etməkdən ibarətdir. 

       Qanunun 79-cu maddəsində göstərilir ki, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərəri ödəməlidirlər. Zərərin ödənilməsi isə məhkəmənin qərarı əsasında həyata keçirilir.

 

  Homepage Ruzgar Photos