Homepage Ruzgar Photos
 

“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan respublikasının qanunu

Qanun 8 iyun 1999-cu il tarixdə Azərbaycan respublikasının Prezidenti tərəfindən imzalanmışdır.

13 maddədən ibarət olan bu ganun insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi kimi ekoloji təhlükəsizlik sahəsinin hüquqi əsaslarını müəyyən edir.

Qanunun 1-ci maddəsində ekoloji təhlükəsizliklə əlaqədar olan anlayış və terminlərin izahı verilir.   

Bu qanunun əsas məqsədi – insanın həyat və sağlamlığını, ətraf mühiti, cəmiyyəti, onun maddi və mənəvi dəyərlərini, eyni zamanda atmosfer havasını, kosmik məkanı, su obyektlərini, yerin təkini, torpağı, təbii landşaftları, bitki və heyvanat aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasların yaradılmasıdır.

Qanun hüquqi və fiziki şəxslərin, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətinin həyata keçirilməsi zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir.

Qanunda ekoloji təhlükəsizlik sahəsində dövlətin, vətəndaşların və ictimai birliklərin hüquq və vəzifələri geniş şərh edilmişdir. Bununla əlaqədar, qanunun 7-ci maddəsində göstərilir ki, vətəndaşlar və ictimai birliklər  müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından onların səlahiyyəti daxilində ekoloji təhlükənin mənbələri, ekoloji təhlükəli vəziyyət və onların aradan qaldırılması üçün tədbirlərin keçirilməsi haqqında müəyyən edilmiş qaydada məlumat almaq, ekoloji təhlükəsizliyin təmin edilməsinə dair tələblərə riayət edilməsinə ictimai nəzarəti həyata keçirmək və ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin tələbləri pozulduqda müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, məhkəmələrə müraciət etmək hüququna malikdirlər.

“Ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya təminatı”- adlanan 8-ci maddədə göstərilir ki, ekoloji təhlükəsizlik sahəsində fəaliyyətin informasiya tə’minatını ətraf mühitin və təbii ehtiyatların monitorinqini aparan orqanlar həyata keçirirlər.

Qanunvericiliyin sonrakı maddələrində:                                                                   

- Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər (9-cu maddə),

- Ekoloji təklükənin dərəcəsi üzrə ölkə ərazisinin zonalara bölünməsi (10-cu maddə)

- Ekoloji təhlükəsizlik sahəsində qanunvericiliyin pozulması halları və məsuliyyət (13-cü maddə) və s. məsələlər geniş təsbit olunmuşdur. Lakin ekologiya sahəsində mövcud olan başqa qanunlardan fərqli olaraq, bu qanunda ekoloji təklükəsizliklə əlaqədar beynəlxalq əməkdaşlığa aid ayrıca maddə öz əksini tapmamışdır.

 

  Homepage Ruzgar Photos