Homepage Ruzgar Photos
 

”İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan respublikasının qanunu

1998-ci il 30 iyun tarixdə Prezident fərmanı ilə imzalanmış bu qanun V fəsil, 24 maddədən ibarətdir.

Bu qanun Azərbaycan respublikasında insan fəaliyyəti nəticəsində əşya və maddə şəklində əmələ gələn istehsalat və məişət tullantılarından ətraf mühitin qorunması, həmin tullantıların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, təkrar xammal kimi tullantıların istifadəsi sahəsində dövlət siyasətini müəyyən edir, zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, tullantılarla bağlı münasibətləri tənzimləyir.

Qanunun 1-ci fəslində (1-6-cı maddələr) istehsalat və məişət tullantıları ilə bağlı əsas anlayışlar, tullantılarla bağlı dövlət siyasətinin prinsipləri, tullantılarla bağlı fəaliyyət münasibətlərinin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələri, tullantılarla əlaqədar mülkiyyət münasibətləri və  qanunun tətbiq sahəsi müəyyənləşdirilmişdir.

            2-ci fəsildə isə (7-14-cü maddələr) – müəssisə, qurğu və digər obyektlərin layihələşdirilməsi, tikintisi və yenidən qurulmasına aid tələblər, tullantıların emalı şərtləri, tullantıların e’malı yerlərinə, yerləşdiriılməsinə, daşınmasına, eyni zamanda yaşayış məntəqələrinin məişət tullantılarından təmizlənməsinə tələblər şərh edilmişdir.

            Qanunun 3-cü fəsli (15-17-ci maddələr) tullantılarla bağlı fəaliyyətə nəzarətin həyata keçirilməsinin hüquqi tənzimlənməsinə həsr edilmişdir. Bu məqsədlə Qanunun 15-ci maddəsində istehsalat və məişət tullantıları ilə bağlı fəaliyyətə dövlət nəzarətinin əhatə dairəsi şərh edilmişdir. Belə ki, tullantılarla bağlı dövlət nəzarətinə: hüquqi və fizıkı şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması, təqsirkar hüquqi və fizıkı şəxslərin  qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması, əhalinin sağlamlığı və ətraf mühit üçün potensial təhlükə yaradan fəaliyyətin dayandırılması və ona xitam verilməsi barədə qərar qəbul edilməsı, tullantıların idxalı, ixracı və tranzit daşınmasına nəzarət daxildir.

            Qanunvericiliyə görə, tullantılarla bağlı təsərrüfat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar bu sahədə istehsalat nəzarətini təşkil etməlidirlər (maddə 16). İstehsalat nəzarətinin məqsədi ekoloji, sanitariya və digər tələblərin yerinə yetirilməsini yoxlamaqdan ibarətdir. İstehsalat nəzarətinin təşkili qaydaları müvafiq qanunvericiliyə əsasən müəssisə və təşkilatlar tərəfindən müəyyənləşdirilir. 17-ci maddədə isə göstərilir ki, tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fizıkı şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir.

            IV fəsildə (18-21-ci maddələr) tullantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimləmə müəyyənləşdirilmişdir. Bu fəsildə tullantılarla bağlı normativlər, dövlət uçotu və hesabat, tullantıların dövlət kadastrı hüquqi cəhətdən müəyyən edilmişdir.

            Qanunun V fəslində (22-24-cü maddələr) tullantılarla bağlı fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq, tullantılarla bağlı mübahisələrin həlli və qanunvericiliyin pozulmasına görə məsuliyyət təsbit edilmişdir.

            Qanunun 23-cü maddəsində göstərilir ki, tullantılarla bağlı mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları və məhkəmələr tərəfindən həll edilir. 24-cü maddəyə görə isə tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fizıkı şəxslər Azərbaycan respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.

 

  Homepage Ruzgar Photos