Homepage Ruzgar Photos

 

“Azərbaycan respublikasının Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan respublikasının qanunu

1997-ci il 30 dekabr tarixdə  Prezident tərəfindən təsdiq edilmiş, 3 mart 1998-ci il tarixdən qüvvəyə minmiş bu Məcəllə 10 fəsil, 80 maddədən ibarətdir.

Azərbaycan respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir. Meşə münasibətlərinin tənzimlənməsi, meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.

Meşə qanunvericiliyinin məqsəd və vəzifələri – meşələrin əhəmiyyətini nəzərə almaqla, onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini və bərpasını təmin etməyə yönəldilmişdir.

Məcəllənin I fəslində (1-10-cu maddələr) meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər, meşə münasibətlərinin obyektləri, meşə fondu, meşə fondunun torpaqları və sahələri, , meşə fonduna daxil olmayan ağac-kol bitkiləri, meşə münasibətlərinin subyektləri, meşə istifadəçiləri və s. məsələlər təsbit olunmuşdur.

Eyni zamanda Məcəllədə meşə fondu və ağac-kol bitkiləri üzərində mülkiyyət, onlardan istifadə hüququ, meşələrin mühafizəsi və bərpası sahəsində dövlət idarəetməsi, meşə təsərrüfatının təşkili, meşədən istifadəyə qoyulan əsas tələblər, meşələrin istifadəsi, mühafizəsi, qorunması və s. məsələlər hüquqi cəhətdən geniş şərh edilmişdir.

Qeyd edək ki, qanunvericilikdə meşələrlə yanaşı meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası, , meşədən istifadəyə qoyulan əsas tələblər (V fəsil) də şərh edilmişdir. Bu tələblərdən biri - əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanılması və gücləndirilməsindən (maddə 47) ibarətdir.

Qanunvericilikdə meşə fondunun mühafizəsi və qorunması haqqında (maddə 58) göstərilmişdir ki, meşələrin mühafizəsi və qorunması onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşələri məhv olunmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi tə’sirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir.

Məcəllənin 60-cı maddəsində meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin vəzifələri göstərilmişdir. Burada qeyd edilmişdir ki, meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə razılaşdırılmış tədbirlər planı hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə yetirməlidirlər.

Ganunvericiliyin sonuncu fəsli (X) meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli, meşə qanunvericiliyinin pozulmasına görə mə’suliyyət məsələlərinə həsr edilmişdir. Məcəllənin 79-cu maddəsində göstərilir ki, Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət mə’suliyyəti daşıyırlar. Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət mə’suliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

 

  Homepage Ruzgar Photos